BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Dos. Dr. Aqil Əhmədovun “Şərəfli ömür və döyüş yolu (Sənədli bioqrafiya)” kitabıdır.
Kitab AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının 26 yanvar 2022-ci il tarixli (Protokol № 1) qərarı ilə nəşr olunub.
Nəşr II Dünya müharibəsinin “Şöhrət” ordenli qazisi, atıcı və kəşfiyyatçı Rza Qaraxan oğlu İsayevin şərəfli ömür və döyüş yolundan bəhs edən ilk sənədli, bioqrafik tədqiqatdır. Əsərdə qəhrəman azərbaycanlının həyatına, şəcərə tarixinə, Pribaltika cəbhələrində faşizmlə mübarizəsinə, təltiflərinə, yaralanmasına, müharibədən sonrakı taleyinə, ailə dəyərlərinə, övladlarının və nümunəvi hərbi xidmət keçmiş çavuş nəvələrinin həyatına nəzər salınıb. Nəşrdə həmçinin R.İsayevin müharibədə iştirak etmiş 142 həmkəndlisi (66 nəfərin döyüş yolu, təltifləri, itgin düşən, vəfat edən, xidməti yeri dəyişilən, məhkum olunanlar) haqqında sənədlər təhlil olunub. 32 nəfərin müharibədə iştirakına dair sadəcə ad, soyadları və ya ata adları aşkar edilmiş, 44 nəfər kənd sakininin 1941-1945-ci illərə əsasən müharibə dövrü yaşları (18-55) qəbir daşları üzərindən müəyyən olunmuş və siyahı kitaba əlavə olunub.
Tədqiqat işində Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi və Azərbaycan Dövlət Arxivinin Quba Filialının Rza İsayev və həmkəndlilərinə dair sənədləri ilk dəfə tədqiqat obyektinə 16 çevrilir.
Qeyd edək ki, kitabın redaktoru AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmlərin doktoru, Prof. Mais Əmrahov, rəyçiləri isə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix elmlərin doktoru, Dos. İlqar Niftəliyev və Azərbaycanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri müavini, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, Dos. Cəlil Xəlilovdur.