Son yeniləmə: 6 İyul 2023 20:30
BAYRAQDAR MEDİA – İyulun 6-da dünya şöhrətli, Azərbaycan əsilli fotoqraf Reza Deqati AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.
Xəbərdə deyilir ki, “qonağı MEK rəhbərliyi qarşılayıb. Görüş zamanı R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini dilə gətirən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fotojurnalistin xidmətlərini vurğulayıb. Bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər, ermənilər tərəfindən amansızlıqla dağıdılan Azərbaycan şəhərlərinin görüntüləri geniş auditoriyaya fotolar vasitəsilə xüsusi peşəkarlıqla çatdırılıb. Qonaq öz növbəsində azad olunmuş ərazilərə səfəri, görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə danışıb. Bu baxımdan MEK-də qorunan nəşrlərin, sənədlərin faydalı ola biləcəyini deyib”.
Daha sonra fotoqraf kitabxananın Qarabağ müharibəsi qəhrəmanları və Nadir kitablar və qiymətli nəşrlər fondlarında Qarabağın etnoqrafiyasına, tarixinə dair dəyərli nəşrlərə diqqət yetirib, buradakı guşələr haqqında ona geniş məlumat verilib.
Görüşün sonunda qonağa MEK tərəfindən “Heydər Əliyev İli” çərçivəsində hazırlanan illik təqvim hədiyyə edilib.