Son yeniləmə: 6 İyul 2023 12:13
BAYRAQDAR MEDİA – İyulun 6-da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə birgə Bakıda vətəndaşsızlıq məsələlərinə həsr olunmuş regional konfrans təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya BMT-nin Azərbaycandakı İnformasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirin məqsədinövbəti il yekunlaşacaq onillik #Aidəm kampaniyası çərçivəsində əldə olunan nailiyyətlərə və çətinliklərə nəzər salmaq, o cümlədən 2019-cu ilin oktyabr ayında keçirilən BMT QAK-ın İcraiyyə Komitəsinin iclası çərçivəsində baş tutan Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Seqmentdəelan edilmiş vədlərin icrası ilə bağlı nəticələri bölüşmək üçün platforma yaratmaqdır: “Konfrans BMT QAK və Azərbaycan rəsmiləri, hakimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də Gürcüstan, Moldova, Türkiyə və Qazaxıstandan olan dövlət rəsmilərini bir araya gətirib.Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT QAK-ın Azərbaycan üzrə Nümayəndəsi Bik Lum və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva açılış nitqləri ilə çıxış ediblər”.
Tədbir zamanı vətəndaşlığın və ya vətəndaşlığı təsdiq edən sənədlərin olmaması səbəbindən fundamental insan hüquqlarına və xidmətlərə çatmaqda ortaya çıxan müxtəlif maneələr müzakirə olunub, eləcə də vətəndaşsızlığın qarşısının alınması və həllinin sosial rifaha və dinc birgə yaşayışa faydasına dair fikir mübadiləsi aparılıb: “Tədbir vətəndaşsızlıq hallarının azaldılması və aradan qaldırılması sahəsində Azərbaycanın yaxşı təcrübəsi ilə tanış olmaq və onu qiymətləndirmək, o cümlədən digər region ölkələrinin bu sahədə təcrübələri və üzləşdikləri çətinliklərə nəzər yetirmək baxımından səmərəli olub. Konfrans zamanı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin DMX ilə əməkdaşlıq çərçivəsində hazırladığı on dəqiqəlik “Vətəndaşlığa gedən yol” videosu da nümayiş olunub. Video əvvəllər vətəndaşsızlıq vəziyyətində olmuş bir sırakişi və qadınların uğur hekayələrini əks etdirərək,vətəndaşlıq əldə etdikdən sonra həyatlarının necə müsbət istiqamətdə dəyişdiyini nümayiş etdirib”.
Məlumatda qeyd edilir ki, BMT QAK zorla didərgin düşmüş və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi və onlar üçün davamlı həll yollarının tapılması üzrə mandata malik BMT-nin ixtisaslaşmış qurumudur: “Agentlik dövlətlərin qanunlarında və təcrübələrində dəyişikliyin edilməsi üçün məsləhətlər verməklə vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq əldə etmələri, eləcə də qanunlara və ya milli sərhədlərə dəyişikliklər edilərkən və ya yeni dövlətlər yaranarkən insanların vətəndaşlığını itirməməsiüçün çalışır. 2014-cü ilin noyabr ayında başladılan #Aidəm kampaniyası vətəndaşlığı olmayan şəxsləri aşkarlamaq və müdafiə etmək, habelə mövcud vətəndaşsızlıq vəziyyətlərini həll etməklə bu kimi yeni halların qarşısını alaraq on il ərzində vətəndaşsızlığa son qoymaq məqsədi daşıyır. BMT QAK hüquqi məsləhətlər və maarifləndirmə yolu iləqlobal səviyyədə hökumətlər və tərəfdaşlarla kampaniyanın məqsədlərinə nail olmaq istiqamətində çalışır”.