BAYRAQDAR MEDİA – Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.
Bu haqda Heydər Əliyev Mərkəzinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “artıq ənənə halını almış yürüş bu il fərqli formatda təşkil olunacaq. Sözügedən Mərkəzdən hərəkətə başlayacaq klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər. “Sea Breeze” ərazisində isə avtomobillərin sərgisi və retro tərzdə konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək. Tədbirin ikinci günü – avqustun 27-də klassik avtomobillərin sərgisi və əyləncə proqramı davam edəcək. Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər 10 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilər”.
Qeyd edək ki, avtomobillərin qeydiyyatı AAF-ın elektron ünvanı info@faa.az və ya +994 (50) 295 01 00 nömrəsinə müraciətlə aparılır.