Press "Enter" to skip to content

Azərbaycan-Özbəkistan əməkdaşlığı genişləndirilir

Görüş zamanı

BAYRAQDAR MEDİA – İyulun 5-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib.

Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.

Azərbaycanda keçirilən mötəbər tədbirə dəvətə görə təşəkkür edən nazir Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb.

Görüş zamanı, eyni zamanda, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.