Son yeniləmə: 6 İyul 2023 12:03
Şahin Tin: Türkiyə-Azərbaycan qardaşlığı hələ bir çox mühüm məsələlərdə öz sözünü deyəcək
BAYRAQDAR MEDİA – “Azərbaycan bizim qardaş ölkəmizdir. İki dövlət, tək millətik. İki cümhurbaşqanımızn dostluğundan, qardaşlığından güc alan bu birlik hər keçən gün daha da güclənir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında AK Parti Denizli millət vəkili, TBMM-in Sənaye, ticarət, enerji, təbii qaynaqlar, informasiya və texnologiya Komissiyasının sədr müavini Şahin Tin deyib.
O, qeyd edib ki, dünyaya bir nümunə olaraq atdığımız birgə addımlar türk dünyasının birlik və inkişafına xidmət edir: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər Türkiyəni və türk dünyasını hədsiz xoşbəxt etdi. Bu savaş günlərində dünya bir daha türkün gücünü, Türkiyə-Azərbaycan qardaşlığının nəyə qadir olduğunu gördü. Dünya bir daha gördü ki, Azərbaycanla Türkiyənin sevinci də, kədəri də, elə qədərdi də birdir. Bizə bəd niyyətlə baxanlara yumruq olub, ölümcül zərbə vururruq, bizə xoş niyyətlə baxanlara isə dost əlimizi uzadırıq”.
Ş.Tinin sözlərinə görə, dünya onu da bildi ki, regionda əbədi sülhün və inkişafın yolu Türkiyə-Azərbaycan birliyinin təkilf etdiyi formatdan keçir: “Ona görə də regional və qlobal baxımdan Türkiyə-Azərbaycan qardaşlığı çox önəmlidir və bu qardaşlıq hələ bir çox mühüm məsələlərdə öz sözünü deyəcək”.