Son yeniləmə: 6 İyul 2023 12:43
BAYRAQDAR MEDİA – İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib. “BP Azərbaycan” şirkətinin sponsorluğu və “Azərikard” MMC-nin təşkilati dəstəyi ilə baş tutan tədbir Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 6-da “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, layihə çərçivəsində Anlaşma Memorandumunu imzalamış universitetlərin rektorları, sahə üzrə peşəkar mentorlar, təlimçilər və digər qonaqlar iştirak ediblər: “Öncə I və II Tusi İnkubasiya proqramlarının startaplarının təqdimatı baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Ümumilli lider Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə dair, eləcə də sözügedən layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarxlar nümayiş etdirilib”.
Sonra mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib: “Münsiflər heyəti tərəfindən qiymətləndirilən Azərbaycan Texniki Universitetinin mentoru Günel Məmmədlinin mentorluq etdiyi Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin və Azərbaycan Texniki Universitetinin tələbələrindən ibarət “ABC” komandası 1-ci yerə, Azərbaycan Texnologiyalar Universitetinin mentoru Tural Rüstəmovun mentorluq etdiyi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən ibarət “Agro-Bot” komandası 2-ci yerə, Azərbaycan Texniki Universitetinin mentoru Murad Qurbanovun mentorluq etdiyi Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “Vooshii” komandası isə 3-cü yerə layiq görülüb və qaliblərə mükafatlar təqdim olunub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevə, həmçinin BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı, innovasiya ekosisteminə dəstək olan universitet rektorlarına isə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Sonda layihənin II Mentorluq Proqramının iştirakçılarına sertifikatlar verilib. “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir. Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb”.