Press "Enter" to skip to content

QHT intiharlarla bağlı layihənin icrasına başlayıb

Həyata pozitiv baxaq!

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən etibarən “Həyata pozitiv baxaq!” adlı layihənin icrasına başlanılıb. Layihə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.

Xəbərdə deyilir ki, “layihənin mövzusu hər zaman gündəmin ən aktual məsələləri sırasında olan intiharlarla bağlıdır. Dörd ay davam edəcək layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində 12-60 yaş arası hədəf qrupları (qadın və kişi) əhatə edəcək maarifləndirmə tədbirləri təşkil olunacaq”.

O da bildirilir ki, “layihənin əsas məqsədi cəmiyyətdə intiharların yolverilməzliyinin təlqin edilməsi, regionda baş verən intihar cəhdlərinin qarşısını almaqdır”.

“Ölkəmizin parlaq gələcəyi naminə sağlam düşüncəli, sağlam ruhlu, təfəkkürlü gənclərin yetişməsi üçün layihə çərçivəsində həm şagirdlərlə, həm də tələbə və valideynlərlə maarifləndirici görüşlər təşkil olunacaq. İntiharın, özünəqəsdin acizlik olduğu, əslində insanın nə qədər güclü, iradəli olduğu haqqında geniş fikir mübadiləsi aparılacaq. Gənclərin həyatlarını necə düzgün istiqamətləndirməli, çətin vəziyyətdən çıxış yollarını necə axtarıb tapmaları mövzusunda onlarla psixoloji və maarifləndirici söhbətlər aparılacaq. Təşkil olunan tədbirlərə mütəxəssislər dəvət olunacaqlar ki, mövzu ətrafında daha geniş fikir mübadiləsi aparılsın. Layihə çərçivəsində intiharların səbəbləri, intihar psixologiyası, özünəqapanma, depressiya halları, bunların aradan qaldırılması, valideyn məsuliyyətsizliyinin acı nəticələri və intiharı əhatə edən bütün mövzular haqqında hazırlanan kitab çap olunacaq. Bu kitab bölgələrdə təşkil olunacaq tədbirlərdə iştirakçılara paylanılacaq. Layihə 31 oktyabr 2023-cü il tarixində yekunlaşacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.