Press "Enter" to skip to content

Opera və Balet Teatrı beynəlxalq musiqi festivalının açılışında

"İntizar" operası

BAYRAQDAR MEDİA – Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən festivalın ilk günü bəstəkarı Firəngiz Əlizadə olan, librettosu Nərgiz Paşayevaya məxsus “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi tərəfindən nümayiş olunub.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev mübahisəli dramaturji xətti, həmçinin Azərbaycanın milli mənəvi dəyərlərini tamaşada təqdim edib. Teatrın simfonik orkestrı Ə.Quliyevin rəhbərliyi ilə bəstəkarın müasir polifonik, zəngin, fəlsəfi, klassik və milli çalarlarla dolu əsərini yüksək səviyyədə səsləndirib. S.Hacıyevanın rəhbərlik etdiyi teatrın xor kollektivi yalnız ifaları ilə deyil, xoreoqrafik səhnə hərəkətləri ilə yadda qalıb”.

Daha sonra xəbərdə qeyd olunur ki, “tamaşada Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Tural Ağasıyev, Samir Səmədov, gənc solistlər Taleh Yahyayev, Fəhmin Əhmədli, Aysel İbrahimova, Vüqar Əliyev çıxış edib. Baş rolların ifaçıları İ.Babayeva ilə R.Qasımovun duetləri, Ə.Poladovun Ata obrazını səmimi canlandırması, S.Vahabzadə ilə T.Ağasiyevin emosional ifası, ilk dəfə yad adam obrazında çıxış edən T.Yahyayevin inandırıcı oyunu, İ.Əfəndiyeva və A.İbrahimovanın nazlı qəmzəli gəlinlər obrazlarını canlandırması tamaşaçıların böyük marağına səbəb olub. Həmçinin tamaşada dərviş rolunda çıxış edən balet artisti Əməkdar artist Samir Səmədovun, gənc xanəndə Anar Ömərovun ifasında “Qarabağ şikəstəsi” Şəki sakinləri, eləcə də Azərbaycana təşrif buyuran xarici qonaqlar tərəfindən coşğulu alqışlarla qarşılanıb”.

Tamaşadan sonra ŞŞİH-nin başçısı Elxan Usubov, Şəki İpək yolu festivalının bədii rəhbəri Firəngiz Əlizadə və Azərbaycanın TÜRKSOY beynəlxalq təşkilatında daimi nümayəndəsi Elçin Qafarlı bütün iştirakçıları təbrik ediblər. Festival çərçivəsində TÜRKSOY-un 30 illiyi münasibətilə solistlərə və tamaşanın bədii heyətinə sertifikatlar təqdim edilib.

Mission News Theme by Compete Themes.