BAYRAQDAR MEDİA – İyulun 5-də Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ənənəvi işgüzar nahar təşkil edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 5-də Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İyul işgüzar naharının xüsusi qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev olub. Görüşdə işgüzar dairələrin və üzv şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu SN-nin Palata ilə daimi qarşılıqlı fəaliyyətini və dialoqa hazır olmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda səmərəli dövlət-özəl tərəfdaşlıq, o cümlədən səhiyyə sektorunda əlverişli biznes mühiti yaradılıb. Vurğulanıb ki, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayında artım müşahidə olunur”.
Sonra xəbərdə bildirilir ki, “öz növbəsində “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində Palatanın davamlı fəaliyyətini qeyd edib. G.Aslanbəyli bu istiqamətdə dövlət qurumları ilə aparılan səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb”.
Tədbirdə çıxış edən səhiyyə naziri T.Musayev bildirib ki, son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resursları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılmaqdadır.
Nazir milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələrin icra olunduğunu qeyd edib.
İşgüzar nahar çərçivəsində Ticarət Palatasının üzvləri təqdimatla çıxış ediblər. Görüşün sonunda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.