Son yeniləmə: 4 İyul 2023 15:47
BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan “SABAH” qruplarına daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ərizəni doldurmamışdan öncə müvafiq ali məktəbdə yaradılan komissiyada müsahibədən keçmələri tələb olunur. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsində tələbələrin qeydiyyatı aparılır.
DİM-dən bildirilib ki, qeydiyyat linki iyulun 10-u saat 12:00-dək aktiv olacaq: “Qeydiyyatdan keçmiş bakalavrlar müvafiq ali təhsil müəssisəsinin təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün ali təhsil müəssisəsinin nümayəndəsi tərəfindən bakalavrın magistraturaya qəbul imtahanında iştirak etmək üçün verdiyi ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng olunur. Müsahibənin proqramı və məzmunu ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Müsahibədə uğur qazanmış bakalavrlara iyulun 6-dan 13-dək magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı “SABAH” qruplarına aid müvafiq ixtisaslaşmaları da seçmək imkanı veriləcək. Bakalavrlar xüsusi olaraq nəzərə almalıdırlar ki, “SABAH” qruplarının müsahibəsində iştirak edib-etməməyindən, iştirak edənlərin isə müsahibədə uğur qazanıb-qazanmamsından asılı olmayaraq, magistraturaya qəbul olmaq istəyən hər kəs iyulun 6-13-də elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidir”.