BAYRAQDAR MEDİA – Məşhur fransız fotoqraf, yazıçı, rejissor Qreqori HerpeAzərbaycana səfəri çərçivəsində Laçın və Naxçıvan şəhərlərində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfər yenidən qurulan Laçın şəhərindən başlayıb: “Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində Laçın şəhərində aparılan bərpa və quruculuq işlərini möhtəşəm layihə adlandıran Qreqori Herpe yenilənmiş Laçında gördüklərindən çox təsirləndiyini və heyrətləndiyini etiraf edib. Əhalinin Laçına qayıdışını, həyatın burada canlandığını vurğulayıb, şəhərin tezliklə müxtəlif beynəlxalq festivallara və tədbirlərə ev sahibliyi edəcəyinin mümkün olduğunu söyləyib”.
Sonra fotoqraf Naxçıvan şəhərinə yola düşüb. Azərbaycanın qədim şəhərindəki“Naxçıvanqala”, Nuh türbəsi, “Əshabi-kəhf”, Gəmiqaya, Əlincə qalası, Möminə xatun türbəsi, Heydər Əliyev adına məscid, Heydər Əliyev muzeyi kimi tarixi, mədəni, diniabidələrlə tanış olub və xatirə kitablarına ürək sözlərini yazıb: “Fotoqraf məşhur Batabat gölünü və “Duzdağ” fizioterapiya mərkəzini də lentə alıb. Qreqori Herpe bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qonağı səfərdə Paris Azərbaycan Evi Təşkilatının sədr müavini, Fransada Azərbaycanın Dostları Assosiasiyasının layihə rəhbəri Mehri Quliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arif Abbasov və Aydın Mahmudov müşayiət ediblər”.
Qeyd edilib ki, bundan öncə fransız fotoqraf Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə Qarabağda səfərdə olub: “Səfərlər zamanı Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfinin apardığı bərpa-quruculuq və minatəmizləmə işlərini lentə alıb. Həmin fotoşəkillər Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ: sülh dövründə” və Avropa Parlamentinin Altiero Spinelli binasında “Qarabağ müharibədən sonra” adlı sərgilərdə nümayiş etdirilib. Xatırladaq ki, dünya təsviri incəsənətinin müasir nümayəndələrindən biri olan fotoqraf 25 fevral 1969-cu ildə Fransada anadan olub.Nyu-Yorkda “Polaris Images” və Honq Konqda “Sopa Images” mətbuat agentliklərində fotomüxbir kimi çalışır. Vaxtilə Fransa və İngiltərə KİV-lərində jurnalist və baş redaktor işləyib.Hazırda Fransadakı bir sıra qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edir.Fotoəsərləri Paris, Kann, Barselona, Bristol, Boston, San Dieqo, Sürix, Afina və Strasburq və sair şəhərlərdə nümayiş etdirilib. Bir sıra nüfuzlu büynəlxalq mükafatların laureatıdır. Aktyor, rejissor və yazar kimi Avropada teatr tamaşalarının quruluşçu rejissoru olub, Fransa və Kanadada çoxsaylı ədəbi əsərlər nəşr etdirib. Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən fikirlər və yazılarla çıxış edib”.