BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında olan nəşrlərdən biri də maarifçi, müəllim, etnoqraf Rəşif bəy Əfəndiyevin “Bəsirətül-ətfal” (Uşaqların idrakı) kitabıdır.
Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının 6 aprel 2018-ci il tarixli 3 №-li iclasının qərarı ilə nəşr olunub.
Kitaba XIX əsrin sonu, XX əsrin birinci yarısında Azərbaycanda xalq maarifi və pedaqoji fikrin inkişafı, məktəb və elmin tərəqqisi sahəsində mühüm xidmətləri olmuş Rəşid bəy Əfəndiyevin “Bəsirətül-ətfal” əsərinin transfoneliterasiyası daxil edilib. Bu əsər XX əsrin ilk Azərbaycan dərsliyi hesab edilir.
Müəllif nəşrdə deyir: “Türki Azərbaycan dilində məkatibi-ibtidaidə qiraət üçün münasib kitabımız olmadığından neçə sənələrdən bəri rastıma gəldikcə zəmanəmizə uyğun və məişətimizə münasib bildigim bir parə hekayə və rəvayətləri sadə türki dili ilə təqrir və təhrir eləmişəm. Hala bu minval cəm elədigim əsəri-mütəfərriqədən bir məcmuə tərtib edüb ətfali-müsəlmanın bəsirət gözini açmaq mənzurilə bu məcmuəyə “Bəsirətül-ətfal” ad verdim”.
Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, mətni transfoneliterasiya edib nəşrə hazırlayan, ön söz və lüğətin müəllifi isə Aynurə Məmmədovadır.