Press "Enter" to skip to content

FHN-in funksiyasını Google icra etdi

Osman Gündüz

BAYRAQDAR MEDİA – Zəlzələ ilə bağlı xəbərdarlıq mesajı Google-ın Android platformasından göndərildi.

Google “Zəlzələ xəbərdarlığı” xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir.

İndi əksəriyyət müzakirə edir ki, nə üçün Google ona bu mesajı göndərməyib, yaxud da nə üçün bu mesaj iPhone telefonu işlədənlərə göndərilməyib? Apple şirkətini qınayanlar var.

Google-ın xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib.

Heç kim soruşmur ki, bəs Fövqəladə Hallar Nazirliyinin xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır?

Uzun illərdi ki, FHN “112 mobil xilasedici” tətbiqini hazırlaya bilməyib. “112” qaynar xətt xidməti aktiv olsa da daha effektiv olan uyğun mobil tətbiq yoxdur.

Xatırlayıram ki, 2016-cı ildə ATL şirkəti FHN-in sifarişi ilə IOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb.

Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də indiyədək bu reallaşmayıb.

Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir.

“112 mobil xilasedici” daha operativ reaksiya, ilkin məlumatlandırma və ilkin yardım, əks əlaqə, koordinatın müəyyən edilməsi və yönləndirilməsi, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur.

Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəsinə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib.

Çox düşündürücü və təəssüfləndirici bir haldır.

Redaksiyadan: Qeyd edək ki, iyulun 4-ü saat 00.01-də episentri Xaçmaz rayonunun Xəzər hövzəsi olmaqla 5,4 bal gücündə zəlzələ baş verib. Təəssüf ki, zəlzələ baş verdikdən sonrakı müddətdə müvafiq dövlət qurumları operativlik nümayiş etdirməyib və faktiki olaraq vəziyyəti şayiələr idarə edib. Zəlzələnin hər hansı maddi zərər vurduğu haqqında məlumatların olması isə sadəcə şans məsələsidir.

Mission News Theme by Compete Themes.