Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov: Oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov həzm pozulması simptomları, həzm pozuntusu olan insanlar qidalanmada nəyə diqqət etməlidirlər və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyulun 3-də sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “N.Məhərrəmov qeyd edib ki, həzmin pozulması və ya həzmsizlik tibbdə dispepsiya adlanır. O vurğulayıb ki, daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Mütəxəssis həzm pozulmasının reflüks ezofagit, qıcıqlanmış bağırsaq sindromu, mədə xoraları, mədəaltı vəz və ya öd yolları anomaliyaları, laktoza və ya qlüten intoleransı, mədə iltihabı, çölyak xəstəliyi, öd kisəsi daşları, mədəaltı vəzin iltihabı, qəbizlik, bağırsaq keçməzliyi, bağırsaq damarlarının tıxanması, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, mədə xərçəngi və s. xəstəliklərə səbəb olduğunu deyib”.
Həkim-terapevt yaz-yay mövsümündə mədə bağırsaq sisteminin fəaliyyətində çətinlik yaradan qidalar haqda da məlumat verib. Bildirib ki, konservləşdirilmiş məhsullardan çox istifadə ilin bütün fəsillərində mədə bağırsaq sistemində problem yarada bilər. O eləcə də duzlu və hisə verilmiş balıq məhsulları, xəmir yeməkləri və çox yağlı qidalardan az istifadə olunmasını tövsiyə edib.
N.Məhərrəmov həzm pozuntusu olan insanların qidalanmada nəyə diqqət etməli olduqları ilə bağlı da insanları məlumatlandırıb. Qeyd edib ki, həzm sistemi xəstəlikləri olan insanların rasionuna şirin, turş, duzlu, acı və yağlı qidaların qəbulu tövsiyə olunmur: “Spirtli və qazlı içkilər də həzm sistemi xəstəliklərində arzuolunmayanlar sırasındadır. “Fast food”dan müntəzəm istifadə həzm sistemində ciddi problemlər yaradır, piylənməyə gətirib çıxarır. Bu zaman infarkt və insult riski artır”. Həmçinin o, həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanların lifli qidalardan, meyvə və tərəvəzlərdən daha çox istifadə etməli olduqlarını deyib.