Son yeniləmə: 30 İyun 2023 18:46
BAYRAQDAR MEDİA – Heç Aqil Abbasla yol getmisiniz? Mən getmişəm. Çoxdan tanışıq. Yaşda məndən xeyli böyük olsa da ona “sən” deyə müraciət edirəm. Lap ilk gündən. Şəxsən tanışlığımız da on illərə dayanır. Amma uzaq səfərə ilk dəfə bu ilin aprelində çıxdıq.
Aprel ayında bir deputat – Aqil Abbas, bir neçə sənətçi, jurnalist, ictimai fəal, idmançıdan ibarət heyətlə qardaş Türkiyənin Eskişehirinə bir səfərimiz oldu. Səfərin məqsədi dövlət qurumları, QHT-lər, universitet rektorları ilə görüşlər keçirib iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə əlavə stimul vermək idi.
Nə isə. Sözüm bu səfərdə deyil. Sadəcə ona görə oradan başladım ki, yazımın bundan sonrakı hissəsinə səbəb də elə o səfər oldu.
Həmin səfərdə olarkən mən də görüşlərdə hədiyyə etmək üçün kitablarımdan götürmüşdüm. Əlbəttə, Aqil Abbas qədər yazıçı və ya jurnalist olduğumu iddia etməkdən uzağam. Sadəcə müqayisə üçün deyirəm ki, Aqil Abbas da kitablarından götürmüşdü, görüşlərdə hədiyyə edirdi.
O, həmin kitablarından birini də mənə hədiyyə elədi. Qəribə və uzun adı vardı: “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına”. Povestdir. Açığı, adı mənə bir qədər mürəkkəb və anlaşılmaz gəldi. Amma üzə vurmadım ki, Aqil Abbas nə yazdığını bilməyəcəkmi yəni?
Ustada söz verdim ki, bu kitabı oxuyacağam. Oxuyub haqqında bir yazı da yazacağam. Amma nə vaxt? Onu deməmişdim. Məni qınamalı deyil. İşlərin bu gur çağında hələ bədii ədəbiyyat oxumaq o qədər də asan məsələ deyil ki…
…Qurban bayramı günlərində Dədəlidəydim. Daha doğrusu, kəndimizin camaatı ilə bayramlaşmaq, bir az da təmiz havada dincəlmək üçün özümü kəndə vermişdim. Bayram öncəsi İsveçrəyə etdiyim bir həftəlik səfər də məni yaxşıca yormuşdu deyə düşünürdüm ki, Dədəlinin havası və ovqatı yerinə düşər.
Düşdü də. Bayram günü camaata qarışıb bayramlaşdıq. Qəbiristanlıqda əzizlərimi, son bir ildə dünyasını dəyişənlərin və 44 günlük Vətən savaşının şəhidi Müqəddəsin qəbrini ziyarət etdim. Bir də sinif yoldaşlarımızla bir araya gəldik, ənənəvi aylıq görüşümüzü qeyd elədik…
Hə, özümü işdən uzaq tutduğum üçün hiss elədim ki, normal adamlar kimi əməlli-başlı boş vaxtım da yaranır. Bax, onda Aqil Abbas yadıma düşdü və yuxarıda uzun adını yazdığım povesti oxumağa başladım.
Oxudum. Balkonda özümə bir çay süzüb, gah Xəzərdən, gah da Şahdağdan əsən küləklərin sərinliyində kitabı oxumağa başladım. Başladım və dayana bilmədim. Həm də oxuduqca arabir özümdən ixtiyarsız şaqqanaq çəkib güldüm də (son vaxtlar belə ürəkdən gülməyim heç də çox olmayıb)…
Kitabı oxuduqca elə bilirdim ki, Aqil Abbas danışır, mən də dinləyirəm. Özü də bəzək-düzəksiz, olduğu kimi – Aqil Abbas kimi danışır. Dedim axı, çoxdan tanışıq, üstəlik də bu yaxınlarda səfərdə olmuşuq. O baxımdan Aqil Abbasın necə danışdığını istənilən cümləsini oxuduqda dərhal hiss edirəm…
Kitabı həvəslə oxudum. Bir nəfəsə və hətta hər şeyi bir tərəfə buraxıb oxudum. Oxudum. Belə baxanda adama məzəli, yumorlu bir xalq nəqletməsi kimi gəlir. Amma sonda bu qənaətə gəldim ki, bu, məzəli kitab deyil.
Uzun adı olan bu kitab bir faciənin təsviridir. Bəli, Aqil Abbasın dilindən qələmə alınmış, oxunduğu zaman məhz Aqil Abbası göz önünə gətirən bir faciənin təsviridir bu kitab. Həm də sadəcə bir nəfərin, bir mahalın deyil, hamımızın – millət olaraq hər bir fərdimizin faciəsini qələmə alıb Aqil Abbas bu kitabda…
O böyük faciə heç vaxt yaddaşlardan silinməyəcək. Hər şey yaxşılığa doğrudur, Azərbaycan da, dünya da dəyişir, dəyişəcək. Amma bu kitabdakı faciə də tarix olaraq qalacaq…
Hə, dəyərli oxucularım. Yəqin sual edirsiniz ki, bu qədər yazıram, amma kitabın nə və ya kim, hara haqqında olmasını qeyd eləmirəm. Edərdim. Amma bu yolu seçdim ki, o kitabı tapıb oxuyasınız. Oxuyandan sonra Aqil Abbasla bərabər mənə də çox sağ ol deyəcəksiniz, əminəm.
Yalnız ip ucu verə bilmərəm. Əsərin baş qəhrəmanı Abdal Gülablı, qarmonçalan, montyor Şakirdir. Amma o, bu əsərdə əlbəttə ki, tək deyil. Hətta Mübariz Əhmədoğlu, Aqil Abbasın özü, Bəxtiyar Vahabzadə, adı çəkilməyən kişi adam polis rəisi, ədabaz icra başçısı da var əsərdə…
Nə deyim daha? Heç nə demirəm. Oxuyun bu kitabı, oxuyun. Oxuyun və həm də oxudun…