Son yeniləmə: 25 İyun 2023 15:37
BAYRAQDAR MEDİA – İyunun 24-də Azərbaycan Rəssamlar İttifaqında tanınmış miniatür rəssamı Pəri Miniatürün Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş “Rəngin eşqi” adlı sərgisi keçirilib.
Sərgidə rəssamlar, millət vəkilləri, qazilər, şəhidlərin ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Əməkdar rəssam, Rəssamlar İttifaqının üzvü Rais Rəsulzadə sərginin Silahlı Qüvvələr Gününə həsr olunduğunu deyərək bu günün ikiqat bayram olduğunu bildirib. Həmçinin sərginin çox gözəl təşkil edildiyini qeyd edərək müəllifi təbrik edib, uğurlar arzulayıb.
Sonra çıxış edən millət vəkili, Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Azərbaycan xalqının Pəri xanımın simasında Azərbaycanın miniatür sənətinə, miniatür rəssamlarına dəyər qatmalı, onların inkişafına mane olmamalı, dayaq durmalı olduğunu deyib. Əməkdar rəssam həmçinin miniatür məktəbi, miniatür mərkəzi yaradılması istəyi ilə də çıxış edib. Qeyd edib ki, belə bir mərkəz yaradılarsa həmin rəssamlar da orada fəaliyyət göstərər və miniatür sənətini daha da inkişaf etdirərlər.
Tədbirdə digər çıxış edənlər – Xalq rəssamı Arif Hüseynov, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Milli Qəhrəman Fariz Qəhrəmanov, Polad Həşimovun bacısı Kəmalə Həşimova və digərləri P.Miniatürün Azərbaycanda miniatür sənətinə verdiyi töhfələrdən danışıb və rəssama gələcək fəaliyyətində uğurlar diləyiblər.
Sonda sərginin müəllifi P.Miniatür təəssüratlarını BAYRAQDAR MEDİA ilə bölüşüb: “Sərginin açılışı çox gözəl oldu. Bu gün məni tək qoymayan dostlarıma, tələbələrimə, tələbə yoldaşlarıma, tanışlarıma, qazilərə, şəhid ailələrinə ümumən hamıya təşəkkür edirəm. Hər kəs çox səmimi idi və işləri əla analizi edirdilər. Sadəcə əhatədən çıxıb hamıya yaxınlaşa bilmədim. Buna görə də üzrlü qəbul etmələrini istəyirəm. Bir də bir məqamı qeyd edim ki, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, katibi Ağəli İbrahimov öz ittifaqlarında olan sərgiyə gəlmədilər. Halbuki, miniatür sənətinə diqqət etdiklərini deyirdilər. Bir daha gələn hər kəsə çox təşəkkür edirəm”.
Qeyd edək ki, müəllifin 120 əl işinin nümayiş olunduğu sərgi iyunun 25-dək davam edəcək.