BAYRAQDAR MEDİA – İyunun 24-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktorunun müavini Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mədəniyyət Nazirliyində olub.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “öncə nazir Adil Kərimli səfərin UNESCO ilə Azərbaycan arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib. Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan nazir, bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib”.
Sonra xəbərdə bildirilir ki, “səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Q.Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyaya daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib. Baş direktorun müavini Azərbaycanın UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də, İpək Yolları proqramı çərçivəsində də təşkiilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu il keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkür ifadə edilib”.
Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin, süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.
Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin 29 noyabr tarixində San Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma da dəvət edib.
Görüşün sonunda qonaqlarla xatirə hədiyyələri təqdim edilib.