BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Lütviyyə Əsgərzadənin müəllifi olduğu “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabıdır.
Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 mart 2003-ci il tarixli 2 saylı iclasının və Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı iclasının qərarları ilə çap olunub.
Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyatı ənənələrini davam və inkişaf etdirən filosof H.Cavidin həyatı və yaradıcılığı araşdırılıb. Burada H.Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilib və Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bay Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhaq Hamid va başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim olunub. Eləcə də repressiya qurbanı olan filosof şairin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılıb.
Nəşrin elmi redaktoru AMEA-nin prezidenti, akademik İsa Həbibbəyli, ön sözün müəllifi filologiya elmləri doktoru, Prof. Cəlal Qasımov, rəyçi filologiya elmləri doktoru, Prof. İslam Qəribov, ideya müəllifi və redaktoru isə Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.