Press "Enter" to skip to content

“Azərbaycan Milli Ordusu: Dünən, bu gün, sabah” adlı tədbir

Tədbirdən görüntü

Son yeniləmə: 26 İyun 2023 14:19

BAYRAQDAR MEDİA – İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Türk Ocaqları, “Şərq” qəzeti və MEK-in birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününün yaranmasının 105-ci ildönümü ilə bağlı “Azərbaycan Milli Ordusu: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, millət vəkilləri iştirak ediblər.

Öncə çıxış edən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu yönündə gördüyü işlərdən, həmçinin 44 günlük müharibədə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışıb. Professor eləcə də rəhbəri olduğu müəssisədə yaradılmış “Qarabağ müharibəsi qəhrəmanları fondu”nun fəaliyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan kitabxana sistemində ilk olan bu fondda I və II Qarabağ müharibəsi, Aprel, Tovuz döyüşlərində iştirak edib şəhid olmuş qəhrəmanlar haqqında məlumatlar toplanılıb qorunur. Baş director çıxışının sonunda bütün iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci illiyi münasibətilə təbrik edib.

Ardınca Əməkdar jurnalist, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı çıxış edərək öncə Azərbaycan Türk Ocaqlarının yaradılması və inkişafı tarixindən ətraflı danışıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında bu ocaqların xüsusi xidmətləri var. O, Azərbaycan xalqının indiki dövrdə Ordu gününü şərəflə qeyd etdiyini deyib. 44 günlük müharibədə qazanılmış Zəfərdən danışan Əməkdar jurnalist bildirib ki, bu qələbə Prezident İlham Əliyevin siyasi iradəsi və Türkiyənin dəstəyilə qazanılıb.

Tədbirdə Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru, Dos. Firdovsiyyə Əhmədova çıxış edərək Azərbaycan Silahlı Qüvvələri Günü və hərbi nazir olmuş Səməd bəy Mehmandarovun ordu quruculuğu yönündəki geniş fəaliyyəti haqqında ətraflı danışıb.

Sonra II Qarabağ müharibəsi şəhidi Sübhan Əbdürrəhmanlının anası Mehriban Əbdürrəhmanlı çıxış edərək oğlu Sübhanın vətənpərvərliyi haqqında söhbət açıb. Çıxışının sonunda o, bir şəhid anası olaraq qürurlu olduğunu dilə gətirib, həmçinin torpaqların düşməndən azad olduğuna görə fəxr hissi keçirdiyini bildirib.

Tədbirdə Vətən müharibəsi qazisi Rəşad Əmənov, Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Rəşad Məcid, millət vəkili Arzu Nağıyev, Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın və digərləri mövzu ilə bağlı fikirlər söyləyib, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Mission News Theme by Compete Themes.