Son yeniləmə: 25 İyun 2023 15:49
BAYRAQDAR MEDİA – Türkmənistanın Maqtımqulu adına Milli Musiqili və Dram Teatrında Türk Dövlətlərinin Mədəniyyət Həftəsinin açılış mərasimi olub.
Bu barədə Türkmenportal.com saytı məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün bu beynəlxalq təşkilatın rəhbərləri və nümayəndələri, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın yaradıcı nümayəndə heyətləri Aşqabada gəliblər.
Təntənəli mərasim Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirakçılara salamlama müraciətinin elanı ilə başlayıb.
Sonra Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Sultan Raev çıxış edib.
TÜRKSOY-un baş katibi Türkmənistanın əvəzsiz mədəni ənənələrinin qorunub saxlanılması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi işində müsbət nəticələrin əldə edilməsinə töhfə verən Türkmənistan ilə onun rəhbərlik etdiyi beynəlxalq təşkilat arasında uğurla inkişaf edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
S.Raev yüksək təşkilatçılığa və türkmən torpağında nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Türkmənistan rəhbərliyinə minnətdarlığını bildirib.
TÜRKSOY-un 2024-cü ilin türk dünyasının böyük şairi və mütəfəkkiri Məxtumquli Fraqi ili elan edilməsi ilə bağlı qəbul etdiyi qərarı xatırladan S.Raev bu faktın türkmənlərlə digər türk-dilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib.