BAYRAQDAR MEDİA – Uzun fasilədən sonra, 19 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 25-də sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər. Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir”.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.