BAYRAQDAR MEDİA – “Zeytun bağları” brendi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, gənc nəsildə ekoloji təfəkkürün inkişafı, ekoloji maarifləndirməyə xidmət məqsədi ilə “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 23-də sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-a qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini zeytunart@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Müsabiqə şərtlərində qeyd olunur ki, ölçü və texnika sərbəstdir. Eləcə də əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək”.
“Necə bir təbiəti qoruma nişanı asardım!” mövzusunda olacaq müsabiqədə sərgilənmək üçün 150 əsər seçiləcək, sərgilənən əsərlərin müəlliflərinə sertifikat və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə təqdim olunacaq. Həmçinin sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaq və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.
Qeyd edək ki, XSM-də keçiriləcək müsabiqəyə xarici ölkə vətəndaşları da qatıla bilərlər.