Son yeniləmə: 24 İyun 2023 14:15
BAYRAQDAR MEDİA – Holokostdan sağ çıxmış konqresmen Tom Lantosun adını daşıyan İnsan Haqları Komissiyasının təcavüzkar Ermənistana dəstək verməsi ədalətsizlikdir.
Bunu tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham populyar “İsrael Behind the News” qəzetində dərc olunmuş məqaləsində yazıb.
Diasprola İş üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, “Qarabağ həqiqətlərinin keşiyində” sərlövhəli məqalədə ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasının cari il iyunun 21-də Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı keçirdiyi dinləmələrdən bəhs olunub: “Dağlıq Qarabağ xalqının qorunması”ndan danışan Komissiya unutmamalıdır ki, “Dağlıq” (Naqornı) bölgənin adına sovet idarəçiləri tərəfindən əlavə edilmiş rus sözüdür, “Qarabağ” isə mənası tam aydın olan türk kəlməsidir. Bu, o deməkdir ki, Qarabağın əsl yerli xalqı Azərbaycan türkləridir və onların bu torpaqlar üzərində hüquqları BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri ilə tanınıb. Bu isə öz növbəsində o anlama gəlir ki, Birləşmiş Ştatlar da beynəlxalq hüququn normalarına uyğun olaraq müharibə şəraitində olan Qarabağ bölgəsinə Azərbaycanın danılmaz hüququnu tanıyır. Faktiki olaraq Ermənistan beynəlxalq birliyin tələblərinə zidd olaraq Azərbaycanın adıçəkilən bölgəsini 30 il qanunsuz olaraq işğal altında saxlayıb və ərazinin kənardan gələn erməni köçkünlərin hesabına qeyri-qanuni məskunlaşdırılması ilə məşğul olub. Burada ermənilər sözün əsl mənasında keçmiş Azərbaycan şəhərlərinin və qəsəbələrinin xarabalıqları arasında yaşayıblar”.
Diqqətə çatdırılıb ki, Azərbaycan Laçın dəhlizi boyunca sərhəd-buraxılış məntəqəsi yaratmaqla öz suveren ərazilərinin qanunsuz müdaxilələrdən qorunmasını təmin etmək, habelə sərhəd-keçid məntəqələrində nəzarəti saxlamaq kimi suveren və toxunulmaz hüququnu reallaşdırıb. Ermənistanın Azərbaycana bu qədər müsibətlər gətirməsinə baxmayaraq, Azərbaycan dövləti Qarabağda yaşayan etnik ermənilərlə bərabər dinc yanaşı yaşamağa və onlara Azərbaycan vətəndaşları ilə bərabər hüquqlar verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Habelə ermənilər müharibənin getdiyi Qarabağ bölgəsində sistemli şəkildə məscidləri dağıdarkən, Bakının mərkəzində erməni kilsəsi hələ də toxunulmaz olaraq qalır. Üstəlik, Qarabağ bərpa olunduqca azərbaycanlılar regionda təkcə məscidləri deyil, kilsələri də bərpa etməyi planlaşdırırlar. Bu, onunla bağlıdır ki, Azərbaycanda multikulturalizm siyasəti aparılır və sözügedən siyasətdə hər bir inanca, dinə etiqad edənlər bərabər hörmət və dəstək alırlar. Belə ki, Azərbaycanda Pasxa, Novruz və Pesax bayramlarını hamının birlikdə qeyd etməsi normal haldır.
Bütün qeyd olunanların fonunda sözügedən dinləmələri Tom Lantos adına İnsan Haqları Komissiyası tərəfindən ədalətin və həqiqətin təhrif edilməsinə dəstək kimi dəyərləndirən və bundan ciddi şəkildə narahatlıq keçirdiyini dilə gətirən israilli politoloq Komissiyanın heç bir halda haqq qazandırılması mümkün olmayan bu addımını qeyd-şərtsiz pisləyib.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq olar.