BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev komando hərbi hissəsində çıxışı zamanı çox ciddi mesajlar verdi. Bu çıxışında Ali Baş Komandan bu günə qədər keçilən yola nəzər salmaqla yanaşı qarşıda duran vəzifələrlə bağlı önəmli fikirlər səsləndirdi”.
Prezident komando hərbi hissəsinə bayraq təqdim edib – VİDEO
Bu fikirləri bizimlə söhbətində hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Emin Həsənli hesab edir ki, Ali Baş Komandanın komanda hərbi hissəsinə bayraq təqdim etməsi və Vətən müharibəsində xüsusi təyinatlıların xidmətlərini xatırlatması Azərbaycanın düşmənlərinə xəbərdarlıqdir: “İlham Əliyev Azərbaycanda maraqlı olan qüvvələrə xəbərdarlıq etdi ki, ayaqdayıq. Eyni zamanda dövlətimizin müdafiəsində əsas qüvvələrdən olan xüsusi təyinatlılara tapşırıq vermiş oldu. Ali Baş Komandan Azərbaycan Ordusunun yeni silah və texnika ilə təchiz olunduğunu, hətta yeni uzaq mənzilli raketlər alındığını da bildirdi. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanla heç kim təzyiq dilində, güc dilində danışa bilməz. Bu həm tək Ermənistana yox, həm də Ermənistana havadarlıq edənlərə xəbərdarlıqdır. Sərhəddə önəmli mövqelərin Azərbaycan ordusunun nəzarətində olduğunu bildirən İlham Əliyev Ermənistanla aparılan sülh danışıqları barədə də məlumat verdi. Prezident bildirdi ki, tezliklə sülh bağlanması Azərbaycandan daha çox Ermənistana vacibdir. Çünki bu gün Ermənistanın hansı durumda olduğunu hamımız bilirik. Sülh istəmirlərsə, o zaman bunun zərərini özləri çəkəcək”.
Hərbi ekspert Ali Baş Komandanın müasir Azərbaycan Ordusunun qurucusu Ulu öndərin xidmətlərini yada salmasının önəmli olduğunu bildirdi: “Bəli, son illərdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bu uğurun bünövrəsi, sözsüzdür ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin ordu quruculuğuna verdiyi önəm hamımızın yadındadır. Sözsüz ki, bu gün dünyada söz sahibi olan ordunun özülü möhkəmdir. Bunu Ali Baş Komandandan sıravi əsgərə qədər hamı bilir. Məhz belə sağlam özül üzərində qurulduğundan Azərbaycan Ordusu 44 günlük müharibədə Zəfər əldə edə bildi. Bu müharibədə Azərbaycan Ordusunun göstərdiyi nümunələr dünya hərb tarixinə düşdü. Bu gün dünyanın hərbi məktəblərində Azərbaycanın zəfəri öyrənilir. Bu zəfərin özülü Ulu öndər tərəfindən qoyulub və onu Ali Baş Komandan həyata keçirdi”.
Emin Həsənli hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni uğurlara imza atacaq: “Möhkəm özül və güclü iradə. Ordumuzun uğur formulu budur”.