Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova: Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə kursuna ciddi əməl etməsidir
BAYRAQDAR MEDİA – Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İVV/QİÇS infeksiyası, ona yoluxma yolları, müalicəsi və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 23-də Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “G.Cəfərova bildirib ki, İİV infeksiyası İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir, QİÇS isə İİV-infeksiyasının sonuncu kliniki mərhələsi olub, digər ağırlaşmaların, məsələn vərəm, onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnmısi ilə müşayiət olunan haldır. O, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılmasının hələ də davam etməkdə olduğunu deyib. Həmçinin qeyd edib ki, region ölkələri ilə müqayisədə Azərbaycan İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkədir”.
İİV-yə yoluxmuş şəxslərin müalicəsi barədə danışan direktor müavini bildirib ki, bu infeksiyaya yoluxmuş şəxslərin müalicəsi SN Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. O, müalicənin əsas şərtlərindən birinin xəstələrin müalicə kursuna ciddi əməl etməsi olduğunu vurğulayıb: “Burada ən vacib məqam müalicənin ömürlük olmasıdır. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar həkimlərimiz tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir”.
G.Cəfərova xəstəliyə yoluxmanın qarşısını necə almaq lazım olduğu haqda da məlumat verib. Qeyd edib ki, xəstəliklə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. O vurğulayıb ki, riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək, maariflənməklə İİV-ə yoluxmadan qorunmaq olar. Eləcə də G.Cəfərova hər bir şəxsin yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçməli olduğunu deyib.