BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında olan kitablar sırasında Nərgiz Məcidovanın “Şəxsiyyətin azadlığı və məsuliyyəti” kitabı da var.
Kitabda şəxsiyyət azadlığı və məsuliyyəti müasir dövrün prizmasından təhlil edilib. Müəllif şəxsiyyətin azadlıq və məsuliyyətini, Şərq və Qərb fəlsəfi fikir tarixində ona münasibətin əsas mərhələlərini nəzərdə keçirib. Azadlığın insanın mənəvi zənginləşməsində rolu, əxlaq və hüquq ilə qarşılıqlı əlaqələri tədqiq edilib.
Nəşrin giriş hissəsindəki yazıda deyilir: “Azadlıq problemi ayrılmaz şəkildə insan ilə bağlıdır. Demək olar ki, bu, bəşəriyyətin əbədi mövzusudur. Özünəməxsus sirli enerjiyə malik olaraq azadlıq öz tarixi boyunca insanı özünə cəlb edir. Azadlıq fenomeninin özünü insanlar fərqli görür, buna görə – azadlıq nədir? – sualına birmənalı cavab yoxdur və yəqin ki, olmayacaq…”.
Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, Prof. Zeynəddin Hacıyev, rəyçiləri fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Bilal Əlizadə və fəlsəfə elmləri doktoru, Prof. Azər Mustafayevdir.
Qeyd edək ki, kitab bakalavrlar, magistrlər, doktorantlar, tələbələr, müəllimlər, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.