BAYRAQDAR MEDİA – İyunun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Quzey Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan- Quzey Makedoniya arasında ikitərəfli əlaqələr, ATƏT gündəliyində duran məsələlər, habelə sülh prosesinin cari vəziyyəti müzakirə edilib: “Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri barədə məlumat verilib. Əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları qeyd olunub”.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.