Son yeniləmə: 22 İyun 2023 11:09
BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, nazir C.Bayramov çıxışında çoxsaylı insan tələfatı və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu qeyd edib: “Bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyi qeyd olunub. Nazir Ceyhun Bayramov, Azərbaycanın vəziyyətin gərginləşdiyi ilk günlərdən, 2022-ci il fevralın 27-dən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çatdırıb. Ceyhun Bayramov Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübəsinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seqmentlərindən birini təşkil etdiyini yaxşı anladığımızı bildirib. Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərildiyi, ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasının planlaşdırıldığı qeyd edilib”.
Məlumata əsasən, Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov, Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib: “Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb. Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib. Nazir Ceyhun Bayramov, Azərbaycanın postmünaqişə dövründə bərpa işləri ilə bağlı təcrübəsini və dəstəyini əsirgəmədiyini diqqətə çatdıraraq, ölkəmizin artıq Ukraynada aparılan bir sıra quruculuq işlərinə, o cümlədən İrpin şəhərində məktəbin bərpa edilməsinə dəstək göstərdiyini qeyd edib”.
Ukraynada bərpa və yenidənqurma səylərinə göstərdiyimiz dəstəyimizin bundan sonra da davam etdiriləcəyi bildirilib.