Press "Enter" to skip to content

MEK-də “Xocalı şəhidləri 613” kitabının təqdimatı

Təqdimatdan görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) səkkiz gün erməni əsirliyində saxlanılmış Xocalı sakini Dürdanə Ağayevanın “Xocalı şəhidləri 613” kitabının təqdimatı keçirilib.

Tədbirdə öncə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək gələn qonaqları salamlayıb. Xocalı faciəsindən danışan baş direktor bu soyqırımın tanıdılmasında öncə Ulu Öndər Heydər Əliyevin böyük rolu olduğunu vurğulayıb. Təqdimatı keçirilən kitabı tarixi kitab adlandıran M.Əliyev müəllifə kitaba görə təşəkkürünü bildirib. Professor MEK-də yaradılmış Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondundan da bəhs edib. Bildirib ki, Azərbaycanın hərb tarixinin öyrənilməsində bu fondun rolu böyükdür.

Ardınca çıxış edən millət vəkili Vüqar İsgəndərov belə bir dəyərli kitab ərsəyə gətirdiyi üçün D.Ağayevaya təşəkkür edib və bu tip kitabların çox yazılmalı olduğunu bildirib. Həmçinin o qeyd edib ki, Azərbaycanın gerçəkliklərini dünyaya tanıtmaq üçün bu mövzuda olan kitablar müxtəlif xarici dillərə də çevrilməlidir.

Sonra kitabın müəllifi D.Ağayeva çıxış edərək kitabın yaranması, ərsəyə gəlməsi haqda məlumat verib. Müəllif kitabın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunduğunu deyib. O, həmçinin bildirib ki, sözügedən kitabın birinci təqdimatı HƏF-nun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib. D.Ağayeva kitabı yazan zaman şəhid ailələri ilə görüşdüyünü, onların hər birinin başına gələn faciələri dinlədiyini qeyd edib. Çıxışının sonunda müəllif tədbirə gələn hər kəsə təşəkkürünü ifadə edib.

Tədbirdə tarix elmləri doktoru Eynulla Mədətli, tarix üzrə fəlsəfə doktoru Cəbi Bayramov və digər çıxış edənlər Xocalı faciəsi, eləcə də ermənilərin Azərbaycan xalqının başına gətirdikləri faciələr haqda danışıb, eləcə də D.Ağayevaya kitaba görə təşəkkürlərini bildiriblər.

Mission News Theme by Compete Themes.