Son yeniləmə: 21 İyun 2023 14:36
BAYRAQDAR MEDİA – “2022-2023-cü tədris ilində təhsil sahəsində müasir dövrün çağırışlarına uyğun inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə məqsədyönlü fəaliyyət həyata keçirilib”.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, qarşıya qoyulmuş əsas hədəflər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndada nəzərdə tutulduğu kimi, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər müvafiq istiqamətlərdə tədbirlərin reallaşdırılmasından ibarətdir.
Məlumata görə, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: “BŞTİ-nin tabeliyindəki məktəblərdə 482 132 şagirdin təlim-tərbiyəsi ilə 28 410 müəllim məşğul olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 108, IX siniflərini 40 016, XI siniflərini 26 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib”.