Son yeniləmə: 21 İyun 2023 09:17
Elman Cəfərli: Bədxaq qonşularımız indi də ABŞ bayrağı altında ekoloji cinayət törətmək niyyətindədilər
BAYRAQDAR MEDİA – “Azərbaycan ictimaiyyətinin etirazlarına rəğmən Ermənistan Arazdəyəndə metallurgiya zavodu layihəsini davam etdirir. Artıq sözügedən metallurgiya zavodunda ABŞ və Ermənistan bayraqları qaldırılıb”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, qeyd edib ki, 70 milyon ABŞ dolları sərmayə qoyulmuş zavodu ABŞ-ın “GTB Steel” şirkəti tikir: “Azərbaycan tərəfi bu zavodun tikintisinə etiraz edəndə ermənilər hay-küy qaldırdılar ki, guya biz onların iqtisadi inkişafını istəmirik. O üzdən bu zavodun tikintisinə etiraz edirik”.
E.Cəfərli bildirib ki, əslində isə bu qərəzli yanaşma idi: “Azərbaycan tərəfini narahat edən yalnız zavodun ətraf mühitə vuracağı zərərlərdir. Əvvəla, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Həmin Konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. İkincisi, Arazdəyəndə inşa edilən metallurgiya zavodu bölgənin içməli su ehtyatlarına da ciddi təhlükə yaradır. Çünki 1 ton əlvan metalın istehsalı üçün 4 min kubmetr su tələb olunur. Metallurgiya sənayesi tullantılarının yalnız 34 faizi tamamliə utilizasiya, yerdə qalan hissəsi isə ətraf mühitə atılır”.
Qeyd olunub ki, Araz çayı Azərbaycanın əsas içməli su qaynaqlarından biridir: “Bu çayın çirkləndirilməsi bölgədə sağalmaz xəstəliklərin yaranmasına, çay hövzəsinin flora və faunasının məhvinə gətirib çıxaracaq. Buna qədər onsuz da Araza Ermənistan tərəfindən kifayət qədər istehsalat və məişət tullantıları axıdılıb. Araz çayı Suqovuşanda Kürə birləşir. Hər iki çay Azərbaycan əhalisinin içməli su ehtiyatlarının əsasını təşkil edir. Ölkənin kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı əkin sahələri Arazdan qidalanan bölgələrdir. Əkin sahələrinin ekoloji çirkli su ilə suvarılması qida təhlükəsizliyi məsələsini də aktuallaşdırır. Yeri gəlmişkən məlumat yayıldı ki, bədxaq qonşularımızln Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunda ABŞ və Ermənistan bayraqları qaldırılacaq. Bununla erməni tərəfi özlərinin uydurduğu “iqtisadi maraqlar” məsələsini ifşa edirlər. Aşkar görünür ki, ortada həm də siyasi maraqlar var. Ermənistan tərəfi 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata əməl etməkdənsə, daimi sülh sazişinin imzalanmasını yubadır. Erməni tərəfi götürdüyü öhdəliklərə uyğun olaraq Qazaxın 7 kəndinin, Naxçıvanın işğalda olan Kərki kəndini azad etməlidir. Ancaq bunu etmək istəmirlər. Əksinə, ABŞ bayrağına sığınıb siyasi cığallığı davam etdirirlər. Amma hər bir dövlət, hər bir şirkət beynəlxaql konvensiyalara uyğun hərəkət etməlidir. ABŞ ərazisində qeydiyyatdan keçmiş və vergi ödəyicisi olan şirkətin qanunsuz davranışlarına göz yummamalıdır. Arazdəyəndə tikilən metallurgiya zavodu Azərbaycan ərazilərini ekoloji terrorla təhdid edir. Ətraf mühitin qorunması iqtisadi maraqlardan öndə gəlir. Biz Araz çayının Ermənistan tərəfindən çirkləndirilmiş Oxçuçayın aqibətini yaşamasına imkan verməməliyik”.