Press "Enter" to skip to content

Dörd ilin necə keçdiyini heç bilmədim

Tevfik Ulual Fəxri xiyabanda

Son yeniləmə: 21 İyun 2023 13:45

Tevfik Ulual: 44 fotoşəkildən ibarət “Ürəyimdəki Azərbaycan” fotosərgisini KKTC-də də açmaq istərdim

BAYRAQDAR MEDİA– Fəaliyyəti dövründə onu Azərbaycanda hamı sadə, səmimi insan, bir Azərbaycan sevdalısı kimi tanıdı. Söhbət artıq vəzifəsinin icrasını başa vuraraq Kuzey Kıbrıs Türk Cümhuryyətinə (KKTC) dönən Tevfik Ulualdan gedir. KKTC-nin Bakıdakı nümayəndəliyinin kültür və egitim müşaviri kimi çalışdığı dörd il ərzində Tevfik bəy təkcə KKTC-ni Azərbaycanda təbliğ etmədi, eyni zamanda Azərbaycanın da təbliğatçısı oldu.

Qardaş Azərbaycanda fəaliyyət göstərdiyim üçün çox şadam

Çəkdiyi bir-birindən maraqlı, hər biri dünyaya bir mesaj verən fotoları ilə Azərbaycanı bir başqa rakursdan da hər kəsə tanıtdı. Onun çəkdiyi bu fotolardan ibarət üç fərdi sərgisi keçirildi. Bəs, Tevfik Ulual Azərbaycandan hansı hisslərlə dönüb, dörd il onun xatirində hansı izləri buraxıb? Onun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində bu və digər suallara cavab almağa çalışdıq.

Mən burada çox şey öyrəndim

– Tevfik bəy artıq Azərbaycandakı səlahiyyət müddətiniz başa çatıb. Buradan hansı xatirələrlə ayrıldınız?

– Mənim üçün Azərbaycan doğma vətənim kimidir. 4 ili Azərbaycanda heç bir qəriblik çəkmədən, azərbaycanlı bacı-qardaşlarımızla birlik və həmrəylik içində keçirdim. Bu müddət ərzində çoxlu insanlarla tanış oldum, dostluq etdim və davamlı dostluqlar qurdum. Mən burada çox şey öyrəndim. Qarşılıqlı sevgi və hörmətdən irəli gələrək çox yaxşı işlər gördük. Dörd ilin necə keçdiyini heç bilmədim. Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, adət-ənənələri, sosial həyatı, coğrafiyası ilə tanış olmaq mənim üçün dərin və çox gözəl xatirələrə çevrilib.

– Bu müddət ərzində Azərbaycanda hansı bölgələrdə oldunuz və daha çox xatirinizdə nələr qaldı?

– Dörd illik işlədiyim müddətdə boş vaxtlarımda dəfələrlə Azərbaycanın güneyində yerləşən cənnət torpaqlar olan Lerikdə, Astarada, Lənkəranda, Yardımlıda olmuşam. Quzeydə Qubada, Şabranda, Şamaxıda, İsmayıllıda, Qəbələdə və Qobustanda, Abşeronda, həmçinin Ağcabədidə, Ağdamda olmuşam. Hamısı müxtəlif təbii gözəllikləri olan çox gözəl yerlərdir. Dəfələrlə getsəniz də, insanlar getməkdən yorulmur. Yaşıllıq və təbiətin gözəlliyi ilə yanaşı, buludların üstündəki uca dağlar və bol suyu olan sulu şəlalələr də insanı özünə cəlb edən ən gözəl amillərdəndir.

Bakıdakı sərgidən xatirə fotosu
Bakıdakı sərgidən xatirə fotosu

Ümid edirəm ki, tezliklə bu sərgini KKTC-də açacağam

– Siz həm də burada fotoşəkillər çəkdiniz və fotosərgiləriniz oldu. KKTC-də də bu fotoşəkillərin sərgilənməsini düşünürsünüzmü?

– Təbii ki, Azərbaycanın gözəlliklərini xalqımıza göstərmək, qardaş ölkəmiz Azərbaycanı tanıtmaq üçün 44 fotoşəkildən ibarət “Ürəyimdəki Azərbaycan” fotosərgisini Kuzey Kıbrıs Türk Cümhuriyyətində açmaq istərdim. Ümid edirəm ki, tezliklə bu sərgini KKTC-də açacağam.

– Bu illər ərzində iki önəmli sahəyə cavabdeh olmusunuz -mədəniyyət və təhsil. Bu iki sahədə Azərbaycan-KKTC əlaqələrini necə dəyərləndirirsiniz?

– Azərbaycan ilə KKTC arasında mədəniyyət, incəsənət və idman sahələrində əlaqələr gündən-günə yüksəlir. Bununla yanaşı bir məqamı qeyd etmək istəyirəm. KKTC-də ali təhsil alan xarici tələbələrin sayı hər il artır. Lakin təəssüf ki, Azərbaycandan KKTC-yə təhsil almağa gedən tələbələrin sayının keçmişlə müqayisədə azaldığı görünür . İnanıram ki, növbəti illərdə tələbələrin sayı artacaq.

Qələbə sevincini birgə yaşadıq

– 44 günlük Vətən müharibəsində Bakıda çalışmaq hansı hissləri yaratdı?

– Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi prosesində biz Bakıda xidmətdə olmuşuq. Bu, çox çətin proses idi. 44 günlük Vətən müharibəsində şəhid olan bütün əsgərlərə və mülki şəxslərə Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqların azad edilməsi nəticəsində yaşanan sevincin şahidi olmaq mənim qismətim olub.

Tevfik Ulual çəkdiyi fotoşəkillərin fonunda
Tevfik Ulual çəkdiyi fotoşəkillərin fonunda

Azərbaycanın hər yerində olduğu kimi, Bakı küçələrində də sevinc dillər dastan idi. 30 illik bir dövrün sonunda vətən torpaqlarının azadlığı böyük ruh yüksəkliyi ilə qeyd olunarkən, eyni zamanda bu yolda verilən şəhidlərə görə qüssələnməmək də mümkün deyildi. İki hissi birlikdə yaşamaq çox fərqli bir şeydir. Arzu edirəm ki, Azərbaycan bayrağı bütün Azərbaycan torpaqlarında əbədi dalğalansın.

Yaşasın can Azərbaycan!

– Son sual. Bakıdan təqaüdə ayrılmaq sizin üçün hansı anlam kəsb edir?

– Təbii ki, 30 ildən artıq müddətdə davam etdirdiyim dövlət qulluğumun son dörd ilini qardaş və dost ölkəmiz Azərbaycanda keçirmək mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

Nadir Azəri və Tevfik Ulual
Nadir Azəri və Tevfik Ulual

Öz vətənimizdəki kimi hissləri yaşayan bacı-qardaşlarımızın yanında olmaq və bu prosesdə bütün inkişafları birlikdə yaşamaq çox özəl və gözəl idi. Vətən torpaqlarının işğaldan azad olunduğunu görüb, qardaşlıq hisslərinin gücləndiyi Azərbaycan-Türkiyə-KKTC qardaşlığının əbədi olmasını arzulayaraq, Bakıdan təqaüdə çıxdığım üçün çox xoşbəxtəm. Sağ ol Can Azərbaycan, Yaşasın Can Azərbaycan!.

Mission News Theme by Compete Themes.