BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 13-17 iyun tarixlərini əhatə edən “Kukla teatrları həftəsi” uğurla başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 19-da sözügedən Teatrdan daxil olub.
Xəbərdə deyilir ki, “iyunun 17-də MN, mədəniyyət və incəsənət təmsilçilərinin iştirakı ilə sənət bayramının bağlanış mərasimi keçirilib. Mərasimdə ADKT-nın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ideyanın reallaşmasına dəstək olan MN-nə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirib, yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bölgədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi məramlı bu ilk ideyanın qarşıdakı illərdə ənənə halını alacağına inamını da ifadə edib. Qeyd edib ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislər ilə yanaşı, teatrlar da dəvət olunacaq”.
Daha sonra xəbərdə bildirilir ki, “mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri – Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını ifadə ediblər, bu kimi görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini deyiblər”.
Tədbir proqrama uyğun olaraq ev sahibi teatrın təqdimatında “Qar kraliçası” tamaşası (A. Məmmədov) ilə davam edib. Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng mahnılar səsləndirilib.