BAYRAQDAR MEDİA – Qardaş Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalını təltif edib.
Ə.Qoşalı BAYRAQDAR MEDİA-ya bildirib ki, Tatarıstan Rəisinin “Təşəkkür sözü”nü – “Rəxmət Süze”ni ona Bakıda keçirilən Tatar milli bayramı – Sabantuy şənliklərində Rəis Rüstəm Minnixanovun özü təqdim edib.
Ə.Qoşalı bu ilin aprelində Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşin və Tatarıstan Yazıçılar Birliyinin başqanı, millət vəkili, Xalq şairi Rkail Zəydulla tərəfindən də “Təşəkkürnamə” ilə, ötən ilin noyabrında isə Tatarıstan Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif olunmuşdu.
Ə.Qoşalı Azərbaycanda Tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin rəhbəri, uyğun nəşrlərin tərtibçisi, redaktoru, uyğunlaşdırıcısı və ya ön söz müəllifi olub. O, “Gənc tatar şeiri antologiyası”nı, “Tatar hekayələri antologiyası”nı Bakıda nəşr etdirib, bir neçə tatar yazarının yaradıcılıq örnəklərinin Azərbaycan dilinə çevrilərək yayımlanmasını, onların Azərbaycandan keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib, habelə Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə uğurla iştirak edib.
Ə.Qoşalı ümumən qardaş türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəli fəaliyyət göstərir.