BAYRAQDAR MEDİA – İyunun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın “Elm” nəşriyyatı tərəfindən “Elmi nəşrlərdə etik normalar” mövzusunda seminar keçirilib.
Seminarda öncə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək qonaqları salamlayıb və sözügedən mövzunun aktuallığı haqqında danışıb.
Daha sonra “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri Səbuhi Qəhrəmanov mövzu ilə bağlı təqdimatla çıxış edib. O, elm etikası, tədqiqat və nəşr etikasına dair tövsiyələr, müəlliflər üçün beynəlxalq standartlar, istinadlara dair etik yanaşmalar və s. haqqında tədbir iştirakçılarını geniş məlumatlandırıb. Məruzəçi etik pozuntulardan danışarkən bu pozuntuları bilərək və bilməyərək yol verilən pozuntular olaraq iki yerə ayırıb. Bildirib ki, reallığı əks etdirməyən tədqiqatı nəşr etmək, bir tədqiqatın nəticəsini bütövlüyü pozaraq ayrı-ayrı məqalə şəklində nəşr etdirmək, plagiata yol vermək və s. bilərək yol verilən pozuntular, tədqiqat metodlarında qeyri-müəyyənlik, statistik analizləri lazımi səviyyədə aparmamaq, etik normalara dair kifayət qədər məlumatın olmaması və s. bilməyərək yol verilən pozuntulardır. O eləcə də EASE, Nəşriyyat Etikası Komitəsi (COPE) və başqa beynəlxalq təşkilatların bu sahəyə dair standartlar və tövsiyələrini nümunələrlə təqdim edib.
Seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb.