Press "Enter" to skip to content

“35 ildən sonra” tamaşasının premyerası olub

35 ildən sonra

BAYRAQDAR MEDİA – İyunun 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində İsveç dramaturqu Benqt Alforsun “İllüziyaçılar” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşanın premyerası keçirilib.

Bir hissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından vəcdə gəlir, həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.

BAYRAQDAR MEDİA-ya tamaşa haqqında danışan səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Əliyev deyib ki, “tamaşa istedadlı və eyni zamanda bəxti gətirməyən bir aktyorun taleyindən bəhs edir. Biz bununla paralel bir növ cəmiyyətimizi də müzakirə etmişik. Göstərməyə çalışmışıq ki, cəmiyyətimizdə də bu cür problemli, bu cür dərdli insanlar var. Sadəcə olaraq biz bunu bir aktyorun simasında göstərmək istəmişik. Tanrının 35 ildən sonra onu qızı ilə mükafatlandırması o deməkdir ki, heç nə heç vaxt gec deyil. Əgər Allah istəyərsə, istənilən yaşda, istənilən bir vaxtda insanı mükafatlandıra bilər. Hər zaman Allaha şükür etmək lazımdır”.

Qeyd edək ki, teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afanasyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa ediblər.

Mission News Theme by Compete Themes.