BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 16-da sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “bu münasibətlə Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) tibb işçilərinin peşə bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış tibb elmi xadimləri iştirak ediblər. Əvvəlcə ölkənin tibb tarixini əks etdirən muzeylə tanışlıq olub. Tədbirdə səhiyyə naziri Teymur Musayev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara vacib və nəcib peşələrində uğurlar arzulayıb. O bildirib ki, Tibb İşçiləri Günü Azərbaycanın tibb ictimaiyyətinə H.Əliyevin hədiyyəsidir. T.Musayev həmçinin əksər böyük tibb müəssisələrinin məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edildiyini deyib”.
Tibb ictimaiyyətinin adından çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş direktoru Lətif Zeyniyev və “Mediland Hospital”ın baş həkimi Günel Əliyeva vurğulayıblar ki, H.Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz müsbət bəhrəsini verib. Çıxış edənlər eləcə də Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin özünün yeni inkişaf mərhələsini yaşadığından danışıblar.
Tədbirdə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanla təltif olunanları nazir təbrik edib.
Sonda H.Əliyevin milli səhiyyənin inkişafındakı rolundan bəhs edən “Sağlam siyasət” adlı sənədli film nümayiş olunub.