Press "Enter" to skip to content

Pakistan hər zaman yanımızda olub

Vüqar İskəndərov

Vüqar İskəndərov: Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən İran isə davranışları ilə özünü tam ifşa edib

BAYRAQDAR MEDİA – “Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət İslam dünyasında əlaqələrin inşafına, İslam dünyasının maraqlarının müdafiəsinə yönəlmiş siyasətin bariz nümunəsidir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, bu kontekstdə Azərbaycanın Türkiyə və Pakistanla olan əlaqələrini xüsusilə qeyd etmək lazımdır: “Həm Türkiyə, həm də Pakistan ötən 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə yanımızda oldular. Təsadüfi deyil ki, bu həftə ərzində Azərbaycanda səfərdə olan hər iki dövlətin rəhbəri müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də ölkəmizin yanında olduqlarını bəyan etdilər”.

Açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatına toxunan V.İskəndərov deyib ki, bu bəyanat olduqca mühüm əhəmiyyət kəsb edir: “Baş nazir Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biri olduğunu vurğulayan Baş nazir, həmçinin, “Bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, biz bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik” deyə bəyan etdi. Hesab edirəm ki, bu olduqca önəmlidir”.

Deputat əlavə edib ki, Pakistanın bu mövqeyindən Ermənistana dəstək verən İran da bir dərs çıxarsa yaxşı olar: “Kimsəyə sirr deyil ki, özünü İslam dünyasının maraqlarının müdafiəçisi kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən İran davranışları ilə özünü tam ifşa edib. Bu ölkə İslamdan yalnız öz maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə etdiyini hər addımında sərgiləyib. Lakin atalar deyib ki, ziyanın yarısından qayıtmaq da xeyirdir. Bu baxımdan İran heç olmasa bundan sonra sülhə, sabitliyə, inkişafa xidmət edən siyasət həyata keçirməyə özündə güc tapmalıdır. Tapa biləcəkmi? Bunu da zaman göstərəcək”,

Mission News Theme by Compete Themes.