BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də kitabxananın özünün AMEA-nın elmi kitabxanaları üçün hazırladığı “Şuşa ili – Zəfər salnaməsi” adlı metodik vəsaitidir.
Vəsait “Şuşa ili” çərçivəsində AMEA elmi-tədqiqat institutlarında Şuşa şəhərinin tarixinin və mədəniyyətinin tədqiqi və təbliği kömək məqsədilə hazırlanıb. Kitabda ənənəvi və müasir kitabxana tədbirlərinin formaları haqqında ayrı-ayrılıqda məlumat verilib, nümunələr göstərilib. Vəsaitə həmçinin Şuşanın tanınmış simaları, elm və mədəniyyət xadimləri, görkəmli sərkərdələri haqqında məlumatlar da daxil edilib. Eləcə də kitabda Şuşaya dair əhəmiyyətli hadisələrin tarixi xronologiyası və görkəmli şəxsiyyətlərin söylədikləri aforizmlər də yer alır. Nəşrin “Zəfər nəşrləri” bölməsində isə MEK-in “Qarabağ müharibəsi qəhrəmanları fondu”na qələbədən sonra daxil olmuş, 2020-2021-ci illərə dair nəşrlər haqqında məlumatlar da verilib.
Metodik vəsaitin elmi redaktoru MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, Prof. Məmməd Əliyev, tərtibçisi Səyyarə Məmmədova, ixtisas redaktorları Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.
Qeyd edək ki, kitab 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə əlaqədar nəşr olunub.