Son yeniləmə: 16 İyun 2023 12:12
BAYRAQDAR MEDİA – İyunun 17-si saat 16:00-da Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
Bu haqda Qarabağ Dirçəliş Fondunun yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “sözügedən Fondun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə olacaq konsertdə Azərbaycanın tanınmış Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva və digər solistlər çıxış edərək dinləyicilərə əsl musiqi ziyafəti yaşadacaqlar. Konsertin sonunda rəsmi ziyafət təşkil olunacaq”.
Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Qeyd edək ki, konsertin baş sponsoru Veysəloğlu Şirkətlər Qrupu, informasiya dəstəkçisi isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.