Press "Enter" to skip to content

Beynəlxalq təşkilatlar bir həqiqəti dərk etməlidirlər

Emin Həsənli

Son yeniləmə: 16 İyun 2023 09:29

Emin Həsənli: Ermənistan və onun xarici havadarları regiona əbədi sülhün gəlməsini istəmirlər

BAYRAQDAR MEDİA – “Ermənilər yenə təxribat törətdilər. Ermənistanla Azərbaycan arasında əbədi sülh sazişinin imzalanmasına bu qədər yaxın olunduğu bir vaxtda yenə onlar öz “ənənələrinə” uyğun olaraq addım atdılar”.

Bunu BAYRAQDAR MEDİA-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu dəfə də Laçındakı sərhəd buraxılış məntəqəsi Ermənistan tərəfindən atəşə tutulub: “Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdır. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulmuş, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bu çox böyük bri təxribatdır. Bu, eyni zamanda beynəlxalq hüquqa qarşı törədilən bir hərbi cinayətdir. Təəssüflər olsun ki, beynəlxalq birlik hələ də bu cinayətə lazımi reaksiya verməyib. Bundan başqa iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”.

E.Həsənli deyib ki, dünya birliyi, beynəlxalq təşkilatlar bir həqiqəti dərk etməlidirlər: “Ermənistan və onun xarici havadarları regiona əbədi sülhün gəlməsini istəmirlər. Ona görə də bundan əvvəlki hakimiyyətlərin dönəmində olduğu kimi, Nikol Paşinyanın hakimiyyəti zamanı da Ermənistanın sözü ilə əməli bir-birinə uyğun gəlmir. Ermənistan rəsmiləri xarici ölkə paytaxtlarında aparılan danışıqlarda guya sülh istədikləri görüntüsünü yaradırlar. Lakin sülh sazişi imzalanması ərəfəsində hərbi təxribat törədirlər. Bu dəfə də eyni hal təkrarlandı”.

Müsahibimiz sonda Ermənistan tərəfinə məsləhət də verdi: “Onlar odla oynamasınlar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu onlara gərəkən dərsi verdi. Lakin görünür könüllərinə yenə də dəmir yumuruq düşüb. Amma unutmasınlar ki, əgər xoşluqla yola gəlməsələr, bu dəfə yumruğun zərbəsi ölümcül olacaq. Bu zərbədən sonra Ermənsitanın mövcudluğu sual altında qalacaq”.

Mission News Theme by Compete Themes.