Son yeniləmə: 15 İyun 2023 11:12
Vüqar İskəndərov: Müasir Azərbaycanın inkişafına, tərəqqiyə, o cümlədən 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə aparan yol məhz 1993-cü ilin 15 iyunundan başlayır
BAYRAQDAR MEDİA – “Bu gün müasir Azərbaycanın tarixində mühüm yeri olan bir gündür. 15 İyun – Milli Qurtuluş Günü. Müasir Azərbaycanın inkişafına, tərəqqiyə, o cümlədən 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə aparan yol məhz 1993-cü ilin 15 iyunundan başlayır”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda acınacaqlı vəziyyət hökm sürürdü: “Ölkə sərhədlərində müharibə gedir, torpaqlar mənfur düşmən tərəfindən işğal edilirdi. Bunun qarşısının alınması əvəzinə daxildəki qüvvələr arasında, belə demək mümkündürsə, nüfuz savaşı, çəkişmə və hesablaşmalar gedirdi. Bütün bu sadalananlar fonunda 1993-cü ilin iyununda vəziyyət daha da gərginləşmişdi. Bu cür vəziyyət, xaos və anarxiya Azərbaycanı öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə baş-başa qoymuşdu. Azərbaycanı düçar olduğu bu bəlalardan isə həmin vaxt Naxçıvanda olan Ulu öndər Heydər Əliyev qurtara bilərdi. Məhz buna görə də Azərbaycan xalqının təkidli tələbi ilə Ulu öndər Naxçıvandan Bakıya dəvət edildi”.
V.İskəndərovun sözlərinə görə, məhz belə bir zamanda xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirməklə Azərbaycanı ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı: “İyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Beləliklə, tezliklə bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı. Ulu öndər yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Bu dayanıqlı inkişaf yolu isə bizə bugünkü güclü Azərbaycanın vətəndaşı olmaq xoşbəxtliyi bəxş edib”.
Deputat vurğulayıb ki, bu gün Milli Qurtuluş Gününü, o cümlədən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü məhz torpaqları işğaldan azad edilmiş qalib Azərbaycanda qeyd edirik: “Bu böyük xoşbəxtlikdir. Çünki 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə tarixə düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bununla da son iki yüz ilin ən şanlı Zəfər dastanı yazıldı. Heç şübhəsiz Azərbaycanın bu şanlı Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu, düşünülmüş, bütün sahələrin inkişafını hədəfləyən siyasət dayanır. Bir sözlə, bu qalibiyyət Ulu öndər Heydər Əliyevin ruhunu şad edir. Çünki məhz onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra əsasını qoyduğu quruculuq, sabitlik, inkişaf, ordu quruculuğu, uğurlu daxili və xarici siyasət bizi addım-addım torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə nəticələnən tarixi Zəfərə doğru apardı. Çünki bu qalibiyyətlə Ulu öndərin ən böyük arzusu gerçəkləşdi”.