Press "Enter" to skip to content

Əkbər Qoşalı: Bu günün tariximizdə və həyatımızda xüsusi yeri var

Əkbər Qoşalı

Son yeniləmə: 15 İyun 2023 21:35

BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Bu günün tariximizdə və həyatımızda xüsusi yeri var. Çünki müasir Azərbaycanın varlığı, inkişafı və tərəqqisi birbaşa bu günlə bağlıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, 1993-cü ilin iyununda Azərbaycan xalqı tarixinin ağır sınaqlarından biri ilə üzləşmişdi: “Torpaqlarımız işğal edilir, daxildə qarşıdurmalar getdikcə dərinləşirdi. Məhz belə bir gərgin dönəmdə, qarmaqarışıqlığın hökm sürdüyü, sualların çox, cavabların az olduğu dönəmdə Heydər Əliyev dövlətin ali idarəçiliyinin məsuliyyətini üzərinə götürdü. Ovaxtkı iqtidarın, necə deyərlər, israrı, təkidi və xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn, hadisələri təhlil edən, qarşı duran tərəflərlə Bakıda, Gəncədə görüşən Heydər Əliyev qəflət gedişatını durdurdu, xalqın arzu və istəklərinin tərcümanı oldu”.

Ə.Qoşalı deyib ki, 15 iyun 1993-cü ildə əsası qoyulmuş toparlanma, güclənmə xətti bir yeni ritm, inkişaf alqoritmi yaratdı: “O gündən üç onillik keçib. Bu gün bir çox məsələyə daha aydın nəzərlərlə baxmaq mümkündür. Ötən 30 il içində baş verənlər fonunda qazandığımız uğurların əsasında o böyük insanın verdiyi siyasi dizaynın, diplomatik arxitekturanın çox önəmli yeri vardır. O, ictimai-siyasi sabitlik, güclü dövlətçilik, intensiv beynəlxalq əlaqələr qayğıları ilə yanaşı bugünkü uğurlarımızın təməllərini atıb. “Azərbaycan dünyaya günəş kimi doğacaq!” deyən böyük ictimai-siyasi və dövlət xadimi tarixi Zəfərə, Zəfərin nəticələrinə inanırdı və onu qurur-yaradırdı”.

Ə.Qoşalı sonda, “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli liderin 100 illik əlamətdar yubileyi ilə bağlı xalqa müraciətini məhz Şuşadan etdi. Prezident dedi ki “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik”. Bəli, bu gün biz xoşbəxt xalqıq ki, ərazi bütövlüyümüzü bərpa etmişik. Bu həm də cənab Prezidentin bəyan etdiyi kimi, Ulu öndər Heydər Əliyevin arzusunun yerinə yetirilməsidir” deyib.

Mission News Theme by Compete Themes.