BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada qardaş Türkiyənin qadın nazirlərinin siyahısını yaradıb.
Məqalədə 26 mart 1971-ci ildə qurulmuş 33-cü Türkiyə hökumətindən bu günə qədər müxtəlif istiqamətləri əhatə edən sahələrdə nazir vəzifəsini icra etmiş qadın nazirlər və onların fəaliyyəti əksini tapıb.
Məqalədə qeyd edilir ki, 33-cü hökumətin Baş naziri Nihat Erim ilk dəfə bir qadını – Türkan Akyolu səhiyyə və sosial yardım naziri təyin edib.
Bildirilir ki, ən çox qadın 15 təyinatla Dövlət Nazirliyində olub. Selma Aliye Kavaf sonuncu qadın dövlət naziri vəzifəsində işləyib, Dövlət Nazirliyi isə 2011-ci ildə ləğv edilib. Sonrakı yerdə 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi gəlir.
X.Məmmədli BAYRAQDAR MEDİA-ya verdiyi məlumatda Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın yeni Nazirlər Kabinetinin üzvlərini açıqladıqdan sonra bu məlumatı da məqaləyə əlavə etdiyini bildirdi: “Bildiyimiz kimi, Recep Tayyip Erdoğan cümhurbaşqanı seçiləndən sonra 3 iyun 2023-cü ildə Türkiyə Böyük Millət Məclisində (TBMM) vəzifəsinin icrasına başlamaq üçün and içdi. Daha sonra o, Çankaya köşkündə keçirilən mətbuat konfransında yeni Nazirlər Kabinetinin üzvlərini açıqladı. Yeni qurulan hökumətdə ailə və sosial xidmətlər naziri vəzifəsinə yenə də bir xanım – Mahinur Özdemir Göktaşı təyin etdi. Mən bu haqda məlumatı da sonradan məqaləyə əlavə etdim. Ümumiyyətlə, haqqında yazdığımız şəxs və ya hadisə ilə bağlı hər hansı bir yenilik olduqca Vikipediyada da onu yeniləyirik. Bunun üçün məqalədə haqqında danışılan şəxsləri və ya hadisələri diqqətdə saxlamaq lazımdır ki, yenilik olarsa onu məqaləyə əlavə edək”.
Qeyd edək ki, məqalədə 28 qadın nazir haqda məlumat yer alıb.