BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanına həcc ziyarətinə getmək istəyən 400 nəfər Güney Azərbaycanlı bu səfərdən imtina edib. Onlar ziyarət xərclərini 50 yeni evlənən cütlük üçün cehiz hazırlamaq və Güney Azərbaycanın yoxsul bölgələrində məktəb tikmək üçün xərcləməyə hazırlaşır.
Bu qısa xəbəri iyunun 14-də Güney AzFront yayıb.
Olduqca ibrətamiz və təqdirəlayiq hərəkətdir, deyilmi?
Biz illərdir deyirik ki, həcc ziyarətinə çəkilən xərcləri daha faydalı əməllərə sərf etmək olar.
Örnək üçün, deyirik ki, həccə getmək yerinə o pullarla məktəb tikmək, yetimə əl tutmaq, xəstələrə dərman almaqla daha çox savab qazanmaq mümkündür.
Amma kimdir bizi dinləyən?
Dinləməməkləri bir yana, hələ bu fikirlərimizə görə təhqir də edilirik.
İddia olunur ki, biz belə fikirlər səsləndirəndə islam dininə, hətta allaha qarşı çıxırıq. Halbuki məqsədimiz nə dini gözdən salmaq, nə də allahı danmaq deyil.
Biz deyirik ki, bir insan həccə getməzdən öncə elə islamın öz tələblərini göz önündə tutmalıdır. Yəni ailəsinin azuqəsi, dolanışığı yerində olmalıdır. Ondan başqa yaxınında-yanında olan kasıb-kusubun, qohum-qonşunun da ehtiyacları təmin edilməlidir. Belə olanda bir adam həccə getməkdə düz edir. İslama görə yəni.
Amma bizə görə isə ümumiyyətlə həccə getmək yanlış bir şeydir. Çünki həcc üçün xərclənən pullar birbaşa lotu ərəblərin cibinə axır. Kimsə əksini iddia etməsin.
Bir dəfə – illər öncə təqribi hesablamışdıq; həcc ziyarətindən Səudiyyə Ərəbistanı hər il 30 milyard dollar gəlir əldə edir! Bu rəqəm isə Azərbaycan kimi bir dövlətin illik büdcəsindən iki dəfə artıqdır!
Ona görə də düşünürük ki, Güney Azərbaycanlı soydaşlarımız həccə getmək yerinə o vəsaiti ehtiyac içində olan soydaşlarımıza yönəltməklə çox böyük savab iş görürlər.
Arzu edərdik ki, Azərbaycan Respublikasında da həcc niyyətində olanlar pulları ora deyil, ətrafdakı bu qədər ehtiyac sahiblərinə yönəltsinlər. Yönəltsələr, daha böyük savab qazanarlar…