BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may-18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 13-də Milli Azərbaycan Tarixi Muzeyindən daxil olub.
Xəbərdə deyilir ki, “sözügedən əlamətdar ayla bağlı təqdim edilən eksponat MATM-nə 23 may 2016-cı il tarixində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova tərəfindən hədiyyə edilib. Medalın üzərində “Azərbaycan Ombudsmanı” sözləri və Azərbaycanın gerbi təsvir olunub. Medalın arxa tərəfində isə ingilis dilində “Commissioner For The Human Rights Of The Republic of Azerbaijan” sözləri yazılıb. Medalın yerləşdirildiyi qutunun qapağı açılarkən Azərbaycanın Dövlət Himni səslənir və qutunun ön hissəsinə üzərində Bakı şəhərindəki Hökumət evi təsvir olunmuş lövhə bərkidilib”.
Qeyd edək ki, eksponat muzeyin yeni qurulan ekspozisiyasında yer alıb və yaxın müddətdə nümayiş olunacaq.