Press "Enter" to skip to content

İki qardaş ölkənin naziri bir arada

Hakan Fidan (solda) və Ceyhun Bayramov

Ceyhun Bayramov Hakan Fidanla birlikdə QDİƏT Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında iştirak edib

BAYARQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə 13 iyun tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya XİN-dən məlumat verilib.

İclas zamanı
İclas zamanı

Bildirilib ki, QDİƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin birinci müavini və xarici işləri İvica Daçiçin sədrliyi ilə keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib: “Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. Avropaya qaz ixracı və bu istiqamətdə imzalanan sazişlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın QDİƏT-in Mədəniyyət, Turizm, İKT, İstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib”.

Azərbaycanın eyni zamanda, 2023-cü ilin 1 iyul tarixindən etibarən 2 il müddətinə (iyul, 2023 – iyul, 2025) QDİƏT-in Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını da öz üzərinə götürdüyü bildirilib.
İclasın sonunda yekun protokolu və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyadan Türkiyə Respublikasına təhvil verilib.

Mission News Theme by Compete Themes.