Press "Enter" to skip to content

Elmi mühiti inkişaf etdirmək lazımdır

Prof. Dr. Aziz Sancar çıxış edərkən

Son yeniləmə: 13 İyun 2023 10:43

Prof. Dr. Aziz Sancar: İstərdim ki, türk dünyasında birgə elmi araşdırmalar da aparılsın

BAYRAQDAR MEDİA – “Bildiyimə görə, Türk Universitetləri Birliyi türk cümhuriyyətlərinin universitetləri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsini təmin etmək və türk dünyasında ortaq tədris sahəsi yaratmaq üçün işlər aparır. Mən bunları yaxşı inkişaflar kimi görürəm. İstərdim ki, türk dünyasında birgə elmi araşdırmalar da aparılsın. Türk cümhuriyyətlərinin idarəçilərinə bu fəaliyyətlərə daha çox büdcə ayırmağı tövsiyə edirəm”.

Bunu Nobel mükafatı laureatı, Prof. Dr. Aziz Sancar Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) Səmərqəndədə təşkil etdiyi Rektorlar Xüsusi Yığıncağında videokonfrans vasitəsilə seminar iştirakçılarına müraciətində deyib.

O, qeyd edib ki, biz öz tariximizlə fəxr edirik, lakin bəzi problemlər var: “Tarix kitablarında bizə öyrədirdilər ki, biz türklər böyük sivilizasiyalar yaratmışıq. Düzünü deyim, mən ibtidai sinifdə, orta məktəbdə buna inanırdım. Amma orta məktəbə, kollecə gedəndən sonra buna şübhə etdim və bu məndə bir ehtiras olaraq qaldı. İllər sonra Qərb müəlliflərinin əsərlərini oxudum və anladım ki, 750-1250-ci illər arasında Türk Dünyası elm dünyasının mərkəzi olub. Həqiqətən də biz böyük sivilizasiyalar yaratmışıq. Amma hər cür səbəblərə görə bundan sonra elmlə məşğul olmağı dayandırdıq və Avropa, Amerika Birləşmiş Ştatları bizi qabaqladı. Biz bunu həll etməliyik”.

Prof. Dr. Aziz Sancar: Elmdə güclü olmalıyıq ki, dünya bizi tanısın

Onun sözlərinə görə, türk dünyasında elmi geriliyin çoxlu institusional və sosial səbəbləri var: “Təəssüf ki, onları necə həll edəcəyimizi yaxşı bilmirəm. Amma mənim başa düşdüyüm odur ki, elmi mühiti inkişaf etdirmək lazımdır. Uluq bəy, İbn-i Sina, El-Biruni birdən-birə ortaya çıxmadı. O dövrdə türk dünyasında elmi mühit var idi. Yüzlərlə uğurlu alim var idi, elmə əhəmiyyət verilirdi, elmə maraq çox idi. Eyni zamanda Uluq bəy və Uluq bəy kimi Orta Asiya qızıl dövrünün digər alimləri də elm adamları ilə əməkdaşlıq edərək türk dünyasında elmlə məşğul olurdular.Bu gün bunlara əhəmiyyət versək, türk dünyasında elm və cəmiyyət inkişaf, tərəqqi edər”.

 

Mission News Theme by Compete Themes.