Son yeniləmə: 13 İyun 2023 12:40
Əkbər Qoşalı: Recep Tayyib Erdoğanla İlham Əliyev birgə bir çox ilklərə imza atıb
BAYRAQDAR MEDİA – “Azərbaycanla Türkiyənin qardaşlığı tarixin sınaqlarından çıxıb, sarsılmazdır. Bununla belə Recep Tayyib Erdoğanla İlham Əliyev arasındakı birlik, qardaşlıq və dostluq fövqəladə dərəcədə önəmli, örnək hadisədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.
O, qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin, şəxsən Recep Tayyib Erdoğanın Azərbaycana verdiyi güclü siyasi dəstək, səsləndirdiyi möhtəşəm bəyanatlar həm qardaşlıq tariximizə, həm də ümumən tarixə altın hərflərlə yazılıb: “Öz hərbi gücümüzlə, şəhidlərimizin qeyri-adi qəhrəmanlığı, qazilərimizin şücaəti, ümumən ordumuzun şanı-şərəfi və dövlət-xalq birliyi ilə torpaqlarımızı işğaldan azad edən bizlə, qardaş ölkənin mənəvi, siyasi, diplomatik və informasiya dəstəyini qədirşünaslıqla vurğulayırıq. Türkiyənin dəstəyi müharibənin seyrinə – hadisələrin gedişatına qıraqdan müdaxilənin qarşısını aldı. Yəni min bir məkrli qüvvələrin Ermənistana açıq-gizli dəstəyi, Azərbaycanın qabağına şeytan toru ilə çıxanların “əməy”ini sıfırlamış oldu”.
Ə.Qoşalının sözlərinə görə, heç də təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər qazanıldığı yerdə və tarixdə qalmayıb, bugünümüzdə iştirak edir, gələcəyimizə işıq salır və də bütün türk dünyasına sirayət edir: “Bizim tarixi Zəfərimizdən sonra Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanla Türkmənistan arasında bizim “Kəpəz”, onların “Sərdar” dediyi – yeni adı ilə “Dostluq” yatağı üzrə Anlaşmanın imzalanması, Özbəkistanla Qırğızıstan arasında su hövzələri, otlaqlar və s. üzrə anlaşma yaranması, Özbəkistan – Türkiyə, Özbəkistan – Azərbaycan, Qazaxıstan – Azərbaycan, Qazaxıstan – Türkiyə, Qırğızıstan – Azərbaycan, Qırğızıstan – Türkiyə münasibətlərinin yeni faza, yeni üfüq qazanması danılmaz faktdır”.
Açıqlamasında Şuşa Bəyannaməsinin üzərində xüsusi dayanan Ə.Qoşalı deyib ki, həmin vaxt Şuşada imzalanan sənəd bir ilk idi: “Recep Tayyib Erdoğanla İlham Əliyev birgə bir çox ilklərə imza atıb. Əlbəttə, Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın başqa ölkələr də vardır lakin onların heç də hamısı bir-biri ilə qardaş deyil, strateji müttəfiq heç deyil və dövlət başçıları bir-biri ilə doğmalıq edə bilmir. Danılmaz faktdır ki, Türk Dövlətləri Təşkilatı bizim tarixi Zəfərin 1-ci ildönümündən az sonra (12 noyabr 2021) yarandı. Bəli, “bu aləmdə təsadüf yoxdur, hər nə olsa təvafüqlükdəndir” – ərəblərin bu sözü özünü doğruldur. Artıq türk ölkələri arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından önəmli addımlar atılır. İmzalanmış yeni ikitərəfli, çoxtərəfli sənədlər SSRİ-dən çıxmış türk dövlətlərinin müstəqilliyini gücləndirir. Vurğuladığımız məqamlar hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini də əhatə edir. İnanırıq ki, Azərbaycanın tarixi Zəfəri ilə yaranmış yeni gerçəkliklər fonunda R.T.Erdoğanın Azərbaycana yeni səfəri, bu səfərin sonucları yeni geosiyasi, geoiqtisadi münasibətlərə önəmli töhfə olacaq”.